“Ciro di İtaliya” çoxgünlük velomarafonunda 3-cü mərhələ arxada qalıb.

İdmançılar bu dəfə Enna şəhərindən Etnaya qədər 150 km məsafə qət ediblər. İlk 2 mərhələdə yerli velosipedçilər uğur qazanmışdılarsa, bu dəfə cənubi amerikalı idmançı fərqlənib. “EF Pro Sayklinq” komandasından ekvadorlu Xonatan Kaysedo 4 saat, 2 dəqiqə, 33 saniyə nəticəylə 1-ci olub. KTM-in  şərəfini qoruyan italiyalı Covanni Viskonti 2-ci pillədə qərarlaşıb. “Lotto Sudal”dan belçikalı Harm Vanhauke isə ilk 3-lüyü tamamlayıb. İdmançılar 4-cü mərhələdə Kataniya şəhərindən Villafranka-Tirrena kommunasına qədər 140 km məsafədə yarışacaqlar. Mötəbər velomarafona oktyabrın 25-i, Milanda yekun vurulacaq.